
AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R D A D I
Azərbaycan Respublikası Ailə Məcəlləsinin 77 və 102-ci maddələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 98 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri”nin 1.1-ci bəndi və 5-ci hissəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair
21 oktyabr 2025-ci il Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Humay Əfəndiyeva, Rauf Quliyev, Otari Qvaladze, Fikrət Məmmədov, İsa Nəcəfov, Rəşid Rzayev (məruzəçi-hakim), Fərhad Tutayuk və Xanlar Vəliyevdən ibarət tərkibdə,məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Sumqayıt Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Ailə Məcəlləsinin 77 və 102-ci maddələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 98 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri”nin 1.1-ci bəndi və 5-ci hissəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.
İş üzrə hakim R.Rzayevin məruzəsini, maraqlı subyektlər Sumqayıt Apellyasiya Məhkəməsinin müraciətini, Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizəsini, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi və Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən təqdim edilmiş mütəxəssis mülahizələrini, ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının müdiri, hüquq üzrə fəlsəfə doktoru Ş.Yusifovun və həmin kafedranın müəllimi və doktorantı N.Eminlinin rəyini, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Sumqayıt Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Ailə Məcəlləsinin 77 və 102-ci maddələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 98 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri”nin 1.1-ci bəndi, 3, 5 və 6-cı hissələri ilə əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.
Müraciətdən görünür ki, R.Bayramov (borclu) Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmurunun hərəkətlərindən şikayətlə məhkəməyə müraciət edərək, ilin yekunlarına görə birdəfəlik pul mükafatı və məzuniyyət pulundan alimentin tutulması haqqında qərarın ləğv edilməsi və həmin ödənclərdən tutulmuş aliment miqdarının geri qaytarılmasından imtina olunması barədə hərəkətsizliyin qanunsuz hesab edilməsini xahiş etmişdir.
Sumqayıt Şəhər Məhkəməsi belə nəticəyə gəlmişdir ki, ilin yekunlarına görə birdəfəlik pul mükafatı və məzuniyyət müavinəti daimi xarakter daşımadığından həmin gəlirlərdən aliment tutula bilməz. Lakin bu səlahiyyətlər həddində icra məmurunun hərəkətsizliyi müəyyən edilməmiş, belə ki, icra məmuru təşkilata icra üçün yönəltməni həyata keçirmişdir. Digər məsələlər isə təşkilatın və onun mühasibat strukturunun vəzifəsidir. Hazırkı məsələ qanunun təfsiri ilə bağlı olduğundan icra məmurunun hərəkətlərinə aidiyyəti yoxdur.
İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.
İşə baxan Sumqayıt Apellyasiya Məhkəməsi müvafiq qanunvericilikdə ilin yekunlarına görə birdəfəlik pul mükafatı və məzuniyyət pulunun daimi xarakter daşımayan pul təminatlarına aid olub-olmamasının dəqiqliklə müəyyən edilmədiyinin, həmin ödənişlərdən alimentin tutulub-tutulmaması ilə bağlı məhkəmə təcrübəsində vahid yanaşmanın olmadığı qənaətinə gəlmişdir.
Müraciətdə göstərilmişdir ki, Ailə Məcəlləsinin 77-ci maddəsinə əsasən, uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin normaya uyğun olaraq, Nazirlər Kabinetinin Qərarı ilə uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri təsdiq edilmişdir. Həmin Qərarın 5 və 6-cı hissələrində bəzi mükafat növlərinə, o cümlədən işdənçıxarma və birdəfəlik müavinətlərə alimentin tutulmasının yönəldilməsi məhdudlaşdırıldığı halda, 1.1-ci bəndində və 3-cü hissəsində başqa gəlir növləri kimi işçiyə pul və ya natura ilə verilən birdəfəlik mükafatlardan və işdənçıxarma müavinətlərindən də alimentin tutulması nəzərdə tutulub.
Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi məhkəmələrdə mübahisələrin həllində yaranmış fərqli yanaşmanın aradan qaldırılması, vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə yuxarıda göstərilən normaların əlaqəli şəkildə şərh edilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət etməyi zəruri hesab etmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar aşağıdakıları qeyd edir.
Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin I hissəsinə müvafiq olaraq insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.
Konstitusiyanın 16-cı maddəsinin I hissəsinə görə, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.
Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin sosial siyasətinin əsasını təşkil edir. Layiqli həyat səviyyəsi dedikdə, insanların yaşaması üçün zəruri olan maddi və mənəvi nemətlərlə onların təmin edilməsi və bu nemətlərə olan tələbatlarının ödənilməsi başa düşülür. Yəni dövlət öz vətəndaşlarının rifahının qayğısına qalır, cəmiyyətin daha az müdafiə olunan təbəqələrinə, müstəqil olaraq özünə layiqli həyat səviyyəsini təmin etmək iqtidarında olmayanlara – yetkinlik yaşına çatmamış uşaqlara, əlillərə, təqaüdçülərə və digər əmək qabiliyyəti olmayan şəxslərə xüsusi diqqət yetirir.
Lakin dövlət bütün əmək qabiliyyəti olmayan əhalisinin maddi təminatını tam ödəyə bilməz. Bu baxımdan, bir çox dövlətlərin, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasında sosial cavabdehlik prinsipi öz əksini tapmışdır. Bu prinsipə görə yardıma möhtac olanlara kömək etmək, ilk növbədə, onların ailə üzvlərinin borcudur (Konstitusiyanın 38-ci maddəsinin II hissəsi). (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 27 yanvar tarixli Qərarı).
İnsanın şəxsiyyət olaraq formalaşmasında, cəmiyyətin inkişafında ailənin əvəzolunmaz rolu nəzərə alınaraq Konstitusiyanın 17-ci maddəsi ilə ailənin dövlətin himayəsində olduğu bəyan edilmişdir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 5 oktyabr tarixli Qərarı).
1959-cu ildə Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Bəyannaməsinin qəbulu ilə geniş yayılmış “uşağın ən yaxşı maraqları” anlayışına görə uşağa təsir edən hər hansı qərar qəbul edilərkən onun rifahı, təhlükəsizliyi və inkişafı prioritet olmalıdır, uşağın fiziki, psixoloji və emosional inkişafına kömək etməlidir. Bu termin daha sonra 1989-cu il BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasında öz əksini tapmışdır. Belə ki, Konvensiyanın 3-cü maddəsinin 1 və 2-ci bəndlərinə görə, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya qanuna görə onun üçün məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər.
Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə əsasən, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir.
Konvensiyanın 27-ci maddəsinin 1 və 2-ci bəndlərinə müvafiq olaraq, iştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
Beləliklə, hər bir xalqın gələcəyi yetişməkdə olan nəsillərdən asılı olduğundan, habelə fiziki və psixi cəhətdən tam formalaşmayan və bu səbəbdən hüququn həssas subyektlərindən olan uşağın hüquqlarının qorunması dövlətin ən vacib vəzifələrindən birini təşkil etdiyindən, o, bu sahədə pozitiv öhdəliklər daşıyır. Bu öhdəliklərin hansı formada və meyarlar əsasında həyata keçirməsi isə sahəvi qanunvericiliklə müəyyən edilmişdir.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.
Həmçinin Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir (“Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsi).
Cəmiyyətdə sosial sabitliyin, iqtisadi inkişafın, hüquqi nizam-intizamın cəmiyyətin sosial strukturunun əsasını təşkil edən ailənin (onun üzvlərinin) rifah içində olmasından birbaşa asılılığı nəzərə alınaraq və qeyd edilənlərlə bağlı dövlətin pozitiv öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə qanunvericilikdə nikah münasibətlərinin pozulmasından sonra da keçmiş ər-arvadın və uşaqların hüquq və mənafelərinin müdafiəsi üçün xüsusi hüquqi tədbirlər müəyyən edilmişdir. Bu tədbirlər ailə üzvlərinin sosial müdafiəsinə yönəlməklə qarşılıqlı maddi məsuliyyət prinsipini reallaşdırmağa xidmət edir. Belə tədbirlərdən biri də aliment institutudur.
Aliment ailə hüququnun ən vacib hüquqi mexanizmlərindən biri olmaqla əsas məqsədi ailə üzvlərinin bir-birinə yardım göstərməsini təmin etməkdir. Bu institut qanunvericiliklə müəyyən edilmiş hallar üzrə bir ailə üzvünün digərinə maddi dəstək göstərməsini hüquqi məcburiyyət halına gətirir.
Ailə Məcəlləsinin beşinci bölməsi valideynlərin və uşaqların aliment öhdəliklərini nəzərdə tutur. Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər öz yetkinlik yaşına çatmamış uşaqlarının saxlanılması üçün məsuliyyət daşıyırlar.
Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, Nazirlər Kabinetinin təsdiq etdiyi Qərarın 1-ci hissəsi ilə uşaqlar üçün valideynlərinin aliment tutulan əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri müəyyən olunmuşdur ki, buraya əmək müqaviləsi (kontraktı) üzrə işləyən işçilərə ödənilə bilən əmək haqqı, o cümlədən pul və ya natura ilə ödənilən tarif (vəzifə) maaşları, əmək haqqına olan bütün növ əlavələr, qanunvericiliklə məzuniyyət dövründə saxlanılan orta əmək haqqı, pul və ya natura ilə verilən mükafatlar, xidmət illərinə görə verilən birdəfəlik mükafatlar, il üzrə işin yekunlarına görə verilən mükafatlar və s. aid edilmişdir.
Eyni zamanda, Nazirlər Kabinetinin Qərarının 5-ci hissəsində alimentin tutulmadığı konkret gəlir növlərinin də siyahısı təsbit olunmaqla yubiley və bayram günləri, anadan olan günlərlə bağlı və digər analoji hallarda verilən həvəsləndirici ödənclərdən (mükafatlar da daxil olmaqla), maddi yardım şəklində verilən müxtəlif növ ödənişlərdən, yarış, baxış və müsabiqə qaliblərinə verilən pul mükafatlarından, elm, ədəbiyyat və incəsənət sahəsində mühüm işlərə görə verilən mükafatlardan və sair bir sıra ödənişlərdən alimentin tutulması istisna edilmişdir.
Bundan başqa, Nazirlər Kabinetinin Qərarının 3 və 6-cı hissələrində hərbi qulluqçular, həmçinin hüquq-mühafizə orqanlarının sıravi və komanda heyətindən olan şəxslərlə bağlı xüsusi qayda müəyyən edilərək, həmin şəxslərin uşaqları üçün alimentin tutulduğu və tutulmadığı gəlir növləri göstərilmişdir.
Qeyd edilən normalardan görünür ki, qanunverici uşaqlar üçün valideynlərinin aliment tutulan və tutulmayan gəlir növlərinin siyahısını müəyyən edərkən bu və ya digər ödənişin iqtisadi-hüquqi təyinatından, məqsədindən çıxış etmişdir. Belə ki, Qərarın 1.1-ci bəndi ilə şəxsin əmək münasibətlərindən irəli gələn, əsasən müntəzəm (daimi) xarakter daşıyan əmək haqqı komponentlərinin alimentə cəlb edildiyi müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, əmək haqqı işçinin gördüyü işə görə ödənilən məbləğ olmaqla onun özünün və ailəsinin əsas maddi təminat vasitəsi kimi çıxış edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin birinci hissəsinə görə, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 157-ci maddəsi əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı ilə yanaşı, əlavələr və mükafatların da daxil olduğunu təsdiqləyir. Əmək Məcəlləsinin 157-ci maddəsinin altıncı hissəsinə əsasən, mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.
Göstərilənlər baxımından ilin yekunlarına görə mükafat əmək haqqı sistemində (daxili qaydalarla) nəzərdə tutularaq, əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədilə ödənilməklə Nazirlər Kabinetinin Qərarının 1.1-ci bəndinin əhatə dairəsinə düşür.
Həmçinin məzuniyyət hüququ işçinin əsas hüquqlarından biri olmaqla məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və orta əmək haqqı saxlanılır (Əmək Məcəlləsinin 111-ci maddəsi). Əmək Məcəlləsinin 139-cu maddəsinə uyğun olaraq, məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə bu Məcəllənin 154-cü maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş əmək haqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır. Eləcə də işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir (Əmək Məcəlləsinin 135-ci maddəsi).
Odur ki, məzuniyyət haqqı işçinin əmək haqqı sisteminə aid olmaqla Nazirlər Kabinetinin Qərarının 1.1-ci bəndi ilə aliment tutulmasının yönəldildiyi ödənişlərdəndir.
Nazirlər Kabinetinin Qərarının 5-ci hissəsi ilə aliment tutulmasının istisna edildiyi ödənişlərin isə mahiyyət etibarı ilə əsasən qeyri-müntəzəm olmaqla şəxsi xarakterli, özəl, əlamətdar günlərdə (ad günü, yubiley və s.) və ya şəxsin hər hansı xüsusi xidmətinə (elm, ədəbiyyat və incəsənət sahəsində mühüm işlərə, habelə ixtiralara və səmərələşdirici təkliflərə) görə həvəsləndirici məqsədlərlə verilən, eləcə də konkret, kompensasiya təyinatlı (maddi yardım şəklində verilən ödənclər, işçilərə pulsuz verilmiş mənzil, kommunal xidmətlərin, yanacağın, nəqliyyatda gediş biletlərinin dəyəri və ya onların kompensasiyası, sanatoriya-kurort müalicəsinə və istirahət evlərinə yollayışların dəyəri) ödənişlər olduğu görünür.
Qeyd edilməlidir ki, qanunvericilikdə məzuniyyət müavinəti anlayışı da nəzərdə tutulmuşdur ki, Əmək Məcəlləsinin məzuniyyətdə olan işçiyə əlavə sosial-məişət müavinətlərinin ödənilməsi adlı 141-ci maddəsinə əsasən, əmək müqaviləsində və ya kollektiv müqavilədə, həmçinin kollektiv müqavilə olmayan müəssisədə, habelə büdcədən maliyyələşdirilən idarələrin, təşkilatların saxlanması xərclərinin smetasında işçilərə məzuniyyət vaxtı əlavə sosial-məişət şəraitinin yaradılması — müəyyən məbləğdə sosial-məişət müavinətinin ödənilməsi, müəssisənin vəsaiti hesabına istirahət-sağlamlıq müəssisələrinə göndərilməsi, eləcə də işçinin ailə-məişət şəraitinin yaxşılaşdırılması üçün digər tədbirlərin görülməsinə maddi yardımın verilməsi nəzərdə tutulmuşdursa, məzuniyyət pulunun ödənilməsi ilə yanaşı müəyyən edilmiş müavinətlər, yardımlar da ödənilir. Maddədən göründüyü kimi, belə müavinət işçiyə konkret məqsədlər üçün maddi yardım olaraq ödənildiyindən Nazirlər Kabinetinin Qərarının 5-ci hissəsinin əhatə dairəsinə aiddir.
Beləliklə, qanunvericinin yanaşmasına görə alimentin tutulmalı olduğu ödəniş əsasən daimi (müntəzəm) xarakterli, proqnozlaşdırıla bilən olmaqla əmək haqqı sisteminə daxil olmalı və işçinin sabit və əsas gəlir mənbəyini təşkil etməlidir.
Həvəsləndirici və ya kompensasiya xarakterli ödənişlər isə müəyyən bir hadisənin baş verməsi ilə əlaqədar həyata keçirilən, konkret təyinatlı, epizodik xarakter daşımaqla işçinin daimi (müntəzəm) gəlirlərindən olmayan ödənişlərdir və qanunverici bu tipli gəlirləri aliment tutulmalarından azad etmişdir.
Alimentin ödənilməsi və tutulması qaydasına gəlincə isə göstərilməlidir ki, Ailə Məcəlləsinin 102-ci maddəsinə müvafiq olaraq, şəxsin işlədiyi təşkilatın müdiriyyəti notariat qaydasında təsdiq edilən aliment ödənilməsi barədə saziş əsasında və ya icra vərəqəsi əsasında hər ay onun əmək haqqından və (və ya) başqa gəlirindən aliment tutmağa və onu icra vərəqəsində və ya sazişdə göstərilmiş şəxsə əmək haqqı və (və ya) başqa gəlirlər verilən gündən sonra ən geci 3 gün müddətində verməyə və ya aliment tutulan şəxsin vəsaiti hesabına göndərməyə borcludur.
Həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsi ilə müəyyən edilmişdir ki, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.
Həmin Qanunun 88-ci maddəsi ilə isə icra sənədi üzrə tələbin hüquqi şəxs tərəfindən vaxtında icra edilməməsi ilə bağlı tələbkarın hüquqlarının müdafiəsi məsələsi tənzimlənmişdir. Qeyd edilən maddəyə əsasən tələbkar borcludan tutulmalı olan məbləğin, əgər həmin məbləğ hüquqi şəxsin təqsiri üzündən tutulmamışdırsa, müvafiq hüquqi şəxsdən tutulması barədə ona qarşı iddia qaldıra bilər.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə də məsuliyyət müəyyən edilmişdir.
Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müvafiq münasibətləri tənzimləyən qanunvericilik normaları mövcud olduğundan, həmin normaların hüquqi mahiyyəti və məzmunu, habelə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda ifadə etdiyi hüquqi mövqelər rəhbər tutulmaqla işin faktiki hallarının, toplanmış sübutların tam və hərtərəfli araşdırılması əsasında məhkəmələr tərəfindən aidiyyəti işlər üzrə müvafiq hüquqi nəticəyə gəlinə bilər.
Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin müraciətində qaldırılan hüquqi məsələlərin mövcud qanunvericiliyin müvafiq normalarına, eləcə də bu Qərardadda göstərilən əsaslara uyğun həll edilməsi mümkün olduğundan, hazırkı vəziyyətdə müraciət üzrə Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən ayrıca qərar qəbul edilməsinə zərurət duyulmur.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 49, 60, 62 və 68.1-ci maddələrini rəhbər tutaraq,
QƏRARA ALDI:
1. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun Qərardadının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi nəticələr nəzərə alınsın.
2. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərardadının təsviri-əsaslandırıcı hissəsində göstərilən əsaslara görə Sumqayıt Apellyasiya Məhkəməsinin müraciəti üzrə müvafiq qərar qəbul edilməsinə ehtiyac olmadığından konstitusiya işinin icraatına xitam verilsin.
3. Qərardadın surəti 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin.
4. Qərardad “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.
Sədrlik edən Fərhad Abdullayev
