İşçilərin Ezamiyyə Qaydalarına dəyişiklik
əsas səhifə / İşçilərin Ezamiyyə Qaydalarına dəyişiklik

AZƏRBAYCAN RESPUBLİKASI MALİYYƏ NAZİRLİYİNİN KOLLEGIYASI

QƏRAR

№ 3-23/3-9-12/2024

 

Bakı şəhəri27 sentyabr 2024-cü il

“İşçilərin Ezamiyyə Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012-ci il 18 yanvar tarixli Q-01 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 7.11-ci bəndini və 21-ci hissəsini rəhbər tutaraq, “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarına dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 4 aprel tarixli 200 nömrəli Qərarının 2-ci hissəsinin icrasını təmin etmək və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012-ci il 18 yanvar tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nı təkmilləşdirmək məqsədilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyası

qərara alır:

“İşçilərin Ezamiyyə Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012-ci il 18 yanvar tarixli Q-01 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

1. 4-cü hissə ləğv edilsin.

2. Həmin Qərarla təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları” üzrə:

2.1. I hissə üzrə:

2.1.1. 1-ci bəndin üçüncü abzasında “daşıyan, növbə (vaxta) metodu ilə işləyən və” sözləri “daşıyan və ya növbə (vaxta) metodu ilə işləyən, yaxud” sözləri ilə əvəz edilsin;

2.1.2. 2-ci bəndin ikinci abzasında “ödənilməsini” sözündən əvvəl “tam və ya qismən” sözləri əlavə edilsin, “,ezamiyyə xərclərinin ödənilməsi ilə” sözləri “bununla” sözü ilə əvəz edilsin;

2.1.3. 4-cü bəndin birinci abzasından “(Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda çalışan diplomatik xidmət əməkdaşları, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər və digər təşkilatların nümayəndələri istisna olmaqla)” sözləri çıxarılsın;

2.1.4. 5-ci bəndin üçüncü abzası aşağıdakı redaksiyada verilsin:

“Ezamiyyə xərclərinin 1 günlük normasına mehmanxana xərcləri və gündəlik xərclər (yemək, şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlər ilə bağlı xərclər) daxildir.”

2.1.5. 5-ci bəndin beşinci abzasından “nəqliyyatda sərnişinlərin icbari sığorta üzrə tədiyyələri,” sözləri çıxarılsın;

2.1.6. 7-ci bəndin birinci abzası aşağıdakı redaksiyada verilsin:

“Respublika ərazisi daxilində ezamiyyələr zamanı ezamiyyət yerində olmanın faktiki müddəti ezamiyyət yerinə gəlmə və ezamiyyət yerindən getmə haqqında ezamiyyət vəsiqəsində edilən qeydlər üzrə müəyyən edilir. İşçi müxtəlif yaşayış məntəqələrinə ezam olunduqda, hər məntəqədə gəlmə və getmə günü haqqında məlumatlar ezamiyyət vəsiqəsində ayrıca qeyd edilir.”

2.1.7. 9-cu bəndin ikinci abzası aşağıdakı redaksiyada verilsin:

“İşçinin ezamiyyətə getdiyi və ezamiyyətdən qayıtdığı gün (günlər) Azərbaycan Respublikasında müəyyən edilmiş istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn gününə düşərsə, eləcə də ezamiyyətdə olarkən həmin günlərdə işləmiş (tədrisdə, kursda, konfransda və bu tipli digər tədbirlərdə olmuş) işçiyə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 164-cü maddəsinə uyğun olaraq əməkhaqqı və ya əməkhaqqı əvəzinə istirahət günü (günləri) verilir.”

2.1.8. 11-ci bəndin ikinci abzası ləğv edilsin;

2.2. II hissə üzrə:

2.2.1. 2-ci bəndin üçüncü abzası aşağıdakı redaksiyada verilsin:

“Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 70 faizini mehmanxana xərcləri, 25 faizini gündəlik yemək xərcləri, 5 faizini  şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlər ilə bağlı xərclər təşkil edir.”

2.2.2. 3-cü bəndin birinci abzasında “yalnız” sözü “gündəlik xərc və” sözləri ilə əvəz edilsin;

2.2.3. 4-cü bəndin birinci abzasında və 6-cı bənddə “daşıyan, növbə (vaxta) metodu ilə işləyən və” sözləri “daşıyan və ya növbə (vaxta) metodu ilə işləyən, yaxud” sözləri ilə əvəz edilsin;

2.2.4. Aşağıdakı məzmunda 7-ci bənd əlavə edilsin:

“7. Dəvət edən tərəf ezam olunan işçini  yaşayış yeri və yeməklə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 5 faizi həcmində vəsait ödənilir.

Dəvət edən tərəf ezam olunan işçini yalnız yaşayış yeri ilə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 30 faizi həcmində vəsait ödənilir.

Dəvət edən tərəf ezam olunan işçini yalnız yeməklə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 75 faizi həcmində vəsait ödənilir.

Dəvət edən tərəfin xərcləri tam və ya qismən öz üzərinə götürməsi hər bir halda müvafiq sənədlər əsasında müəyyən edilir.”

2.3. III hissə üzrə:

2.3.1. 1-ci bəndin ikinci abzası aşağıdakı redaksiyada verilsin:

“Ezamiyyə xərclərinin 1 günlük normasının 60 faizini mehmanxana xərcləri, 35 faizini  gündəlik yemək xərcləri, 5 faizini  şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlər ilə bağlı xərclər təşkil edir.”

2.3.2. 1-ci bəndin üçüncü abzasında “bu” sözündən əvvəl “ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsinə uyğun olaraq manatla və ya” sözləri əlavə edilsin;

2.3.3. 4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“Bütün ezamiyyə xərclərini dəvət edən tərəf öz üzərinə götürdüyü hallarda işçiyə ezamiyyə xərci ödənilmir.

Dəvət edən tərəf ezam olunan işçini yalnız yaşayış yeri ilə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 40 faizi həcmində vəsait ödənilir.

Dəvət edən tərəf ezam olunan işçini yalnız yeməklə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 65 faizi həcmində  vəsait ödənilir.

Dəvət edən tərəf ezam olunan işçini yaşayış yeri və yeməklə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 5 faizi həcmində vəsait ödənilir.

Dəvət edən tərəf işçiyə yaşayış yeri xərcini və gündəlik xərcləri (yemək, şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlər ilə bağlı xərclər) ödədiyi halda, işçiyə ödənilən vəsait ezamiyyə xərclərinin 1 günlük normasından  az olarsa həmin fərq  işçiyə ödənilir.

Dəvət edən tərəf işçini yeməklə təmin edərək yalnız yaşayış yeri xərci üçün vəsait ödədiyi halda, işçiyə ödənilən vəsait ezamiyyə xərclərinin 1 günlük normasının 60 faizindən az olarsa, həmin fərq  və ezamiyyə xərclərinin 1 günlük normasının 5 faizi həcmində vəsait işçiyə ödənilir.

Dəvət edən tərəf işçini yaşayış yeri ilə təmin edərək yalnız yemək xərci üçün vəsait ödədiyi  halda, işçiyə ödənilən vəsait ezamiyyə xərclərinin 1 günlük normasının 35 faizindən az olarsa həmin fərq və ezamiyyə xərclərinin 1 günlük normasının 5 faizi həcmində vəsait işçiyə ödənilir.

Dəvət edən tərəfin xərcləri tam və ya qismən öz üzərinə götürməsi hər bir halda müvafiq sənədlər əsasında müəyyən edilir.”

2.3.4. 5-ci bənddə “ezam” sözü “təyin” sözü ilə əvəz edilsin və “şəxslərə” sözündən sonra “habelə digər dövlət orqanlarının xarici ölkələrdəki nümayəndələrinə” sözləri əlavə edilsin.

2.3.5. 6-cı bənd ləğv edilsin.

3. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət aparatının maliyyəsi şöbəsinə tapşırılsın ki, bu qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

Kollegiyanın sədri
Azərbaycan Respublikasının
maliyyə naziriMənbə : https://e-qanun.az/framework/58126 Samir Şərifov
DataHRM proqramı ilə siz çox sadə formada, şirkət daxili şəbəkədən və ya internet üzərindən qoşularaq istənilən əməliyyatı apara bilərsiniz. Belə ki, heç bir zaman məhdudiyyəti olmadan həm komputer həm də ki, bütün smartfon qurğular vasitəsi ilə rahatlıqla istifadə edə bilərsiniz.