İnsan Resurslarının Planlaşdırılması nədir ?
əsas səhifə / İnsan Resurslarının Planlaşdırılması nədir ?

İnsan Resurslarının Planlaşdırılması nədir ?

Müəssisələrin ən dəyərli qaynağının insan olduğu hər birimizə məlumdur. İnsan qaynağını ən səmərəli şəkildə dəyərləndirməyin yolu isə İnsan Resurslarının Planlaşdırılmasından keçir. Bu məqaləmdə İRP nədir, nə kimi məqsədləri var, faydaları və hədəfləri nələrdir kimi sualların cavablarını verməyə çalışacam.

İRP nədir?

İnsan Resurslarının planlaşdırılması, təməl olaraq şirkətin işçi qüvvəsinə olan ehtiyacını müəyyən edərək bu ehtiyacın qarşılanması üçün göstərilən fəaliyyətlərin bütünüdür. Daha təfsilatı ilə desək, İnsan Resursları planlaşdırılması ilə şirkət gələcəkdə insan resurslarına olan tələbatı proqnozlaşdırmaq və bunun da nəticəsi olaraq şirkətin kifayət qədər işçiyə sahib olub-olmamasını müəyyənləşdirərək biznes hədəflərinə çatmasına vəsilə olur. İnsan Resurslarının planlaşdırılması proaktiv prosesdir, şirkətin gələcəkdə işçilərə olan tələb və təklifini öyrənir. Bu fəaliyyətin missiyası kifayət qədər düzgün kadrı düzgün vəzifəyə təyin etməkdir. Effektli HR planlaşdırılması ilə şirkətin hədəfləri və strateji məqsədlərinə çatmasına və kadr çatışmamazlığından qaçmasına nail olmaq mümkündür. Bütün bu planlamaları edərkən maliyyə, marketinq və s. ünsürləri də nəzərə almaq lazımdır.

İnsan Resurslarının planlaşdırılması nəinki İR departamentlər üçün eyni zamanda strateji biznes planlaşdıranlar üçün də əsas prioritetlərdən birinə çevrilmişdir.

İRP-nın məqsədi

İnsan Resursları planlaşdırılmasının əsas ana məqsədlərindən biri işçilərin motivasiyasını, təlimləri və müəssisənizə bağlılığını təmin edə biləcək üsulların müəyyənləşdirilərək tətbiq edilməsidir. Çünki personalın inkişaf etmə prosesləri də planlaşdırmanın tərkibinə daxildir. İRP prosesi digər proseslərdən daha çox insan faktoruna əsaslandığı üçün olduqca həssas bir prosesdir. Nəticə olaraq bu planlaşdırma işçilərinizi ən səmərəli şəkildə bütün təşkilati proseslərə daxil etməkdə işinizi asanlaşdıracaq. Planlaşdırma zamanı kadrların potensial üstünlüklərini və çatışmayan tərəflərini də proqnozlaşdırmaq önəmlidir.

İnsan Resursları planlaması; müəssisənin ehtiyacı olan personal sayını müəyyən edərək ehtiyac duyulan qaynaqların haradan və necə təmin ediləcəyini, yəni kənardan yoxsa daxildə rotasiya ilə fərqli departamentdən alınacağını açıq şəkildə müəyyən etməlidir.

İlk olaraq vəzifə öhdəlikləri düzgün müəyyən edilməli və ardından bu vəzifə öhdəliklərinə uyğun olan kadrı necə işə götürəcəyinizə qərar vermək lazımdır. Qeyri-effektiv İRP şirkətin qısamüddətli əməliyyat planları və uzunmüddətli strateji planların yerinə yetirilməsində maneə törədir.

İRP-nın hədəfləri

İRP ilə hədəf olunan uğur – dövrümüzdə dəyişən iş şərtlərində və intellektual sərmayə olaraq təsvir olunan iş gücündə, ən qabaqcıl İR metod və texnikaları ilə şirkətə güc qazandırmaqdır. Həmçinin, İRP işə qəbul, seçmə-yerləşdirmə, performans dəyərləndirmə, effektiv komanda işi və motivasiya kimi İR sahələri ilə də yaxından əlaqəlidir.

İRP niyə önəmlidir?

İnsan Resursları planlaması, qurumlarda məhsuldarlığa, buna bağlı olaraq da mənfəətə birbaşa təsir göstərən əsas elementlərdən biridir. Bu proses yalnız qənaət edərək xərcləri azaldan bir faktor olaraq qəbul edilməməlidir. İRP eyni zamanda işin cavabdehliklərinə uyğun istedadlı kadr seçimində əsaslı rol oynayır.

Bununla bərabər, müəssisənin uzunmüddətli uğuru işə götürülən işçinin bilik və bacarıqlarına bağlıdır. Bir təşkilat gələcək hədəflərinə səmərəli şəkildə çatması üçün ehtiyacı olan kadr sayını və xüsusiyyətlərini müəyyənləşdirməli və bu ehtiyacın necə və nə dərəcədə qarşılanacağını təyin etməlidir.

İRP-nı tələb edən başlıca səbəblər

Şirkətlərdə insan resursları planlaşdırılmasını tələb edən müəyyən amillər var. Bunlardan başlıca olanları:

  • Əməyə olan tələbatın artması
  • Texnologiyanın sürətli inkişafı
  • İxtisaslı kadr çatışmazlığı
  • Sürətli sosial və mədəni inkişaf
  • Qloballaşma nəticəsində yaranan yeni sistemlər

İRP-nın faydaları

  • Müəssisənin vizyon və missiyasına uyğun olan insan resursunu əldə etmək;
  • Hədəfə uyğun və yetərli sayda işçi qüvvəsinə nail olmaq;
  • Mövcud kadrların ən uyğun vəzifədə çalışmasını təmin etmək;
  • Təlimə ehtiyacı olanlar üçün təlim və inkişaf planlarını hazırlamaq;
  • Təşkilatın gələcək dəyişikliklərlə bağlı ehtiyaclarını daxili və xarici amilləri nəzərə alaraq öncədən müəyyənləşdirmək və lazımi tədbirlərin görülməsini təmin etmək;
  • Və sonda şirkətin hədəflərinin reallaşdırılmasında çox önəmli faydaları var.

İRP prosesi və mərhələləri

İnsan Resursları aşağıda qeyd olunan mərhələlər şəklində planlaşdırılır:

  • Tələb və təkliflərin araşdırılması
  • Boşluqların analiz edilməsi
  • İnformasiya toplamaq və analiz etmək
  • İR ehtiyaclarının müəyyənləşdirilməsi
  • Ehtiyacların qarşılanması üçün fəaliyyət planının hazırlanması

İRP-na təsir edən xarici faktorlar:

  • İqtisadi vəziyyət: (yerli, regional, beynəlxalq).
  • Yenilənən qanunlar
  • Bazar və rəqabətli trend
  • Sosial şərtlər
  • Texnoloji dəyişikliklər
  • Demoqrafik dəyişikliklər.

İRP-na təsir edən daxili faktorlar:

  • Şirkətin strategiyası
  • Mövcud personalın xarakteristikaları
  • İnformasiya texnologiyalarının keyfiyyəti

İdarəetmə və planlaşdırma bir-birinə olduqca yaxın iki anlayışdır. İdarə olunacaq potensial yaxşı planlaşdırma tələb edir. Xüsusilə idarə edəcəyiniz resurs insandırsa, planlaşdırmaya daha yüksək həssaslıqla yanaşaraq və insan ehtiyaclarını nəzərə alaraq etmək daha faydalı olacaq.

İnsan Resurslarının İdarəedilməsinin və İnsan Resurslarının Planlaşdırılmasının ən önəmli funksiyası: Təşkilatın işçidən təşkilat vizyon və missiyasına uyğun gözləntilərinin və işçinin ehtiyaclarının qarşılanması ilə əlaqədar təşkilatdan gözləntilərinin balanslaşdırılmasından ibarətdir. Yalnız bu halda xoşbəxt işçi və pozitif iş mühitinə sahib qurum yaratmaq olar.

Gülsəfa Abdullayeva

DataHRM proqramı ilə siz çox sadə formada, şirkət daxili şəbəkədən və ya internet üzərindən qoşularaq istənilən əməliyyatı apara bilərsiniz. Belə ki, heç bir zaman məhdudiyyəti olmadan həm komputer həm də ki, bütün smartfon qurğular vasitəsi ilə rahatlıqla istifadə edə bilərsiniz.